28 noyabr 2025-ci il tarixində Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısı Bakıda keçirilib. Görüşə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov sədrlik edib. Tədbirdə Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya nazirinin müavini Kanat İskakov, Kırğız Respublikasının Azərbaycan Respublikasındakı səfiri Maksat Mamıytkanov, Türkiyə Respublikasının Kommunikasiya İdarəsi sədrinin müavini prof. Ferhat Pirinççi, Özbəkistan Respublikası Prezident Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Kontent Hazırlanması Mərkəzinin direktoru Kobuljon Axmədov, Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu və TDT-nın Baş katibinin müavini Ömər Kocaman iştirak ediblər.
Çıxışında Baş katibin müavini Ömər Kocaman Azərbaycanın Türk dünyasında birlik və əməkdaşlığın möhkəmlənməsində oynadığı mühüm rolu vurğulayaraq bildirib ki, informasiya qlobal təsəvvürlərin formalaşmasında strateji əhəmiyyətə malikdir. O, TDT çərçivəsində media və informasiya sahəsində əməkdaşlıq mexanizmlərinə diqqət çəkib və son Qəbələ Zirvəsinin nəticələrinin Türk dünyasının qlobal görünürlüğünün artırılması üçün dayanıqlı əsas yaratdığını qeyd edib.
İştirakçılar TDT çərçivəsində mövcud mexanizmlərdən effektiv istifadə etməklə media əməkdaşlığının gücləndirilməsi istiqamətində birgə səylərin vacibliyini vurğulayıblar.
Nazirlərin və yüksək vəzifəli rəsmilərin müzakirəsinə təqdim ediləcək sənədlərin yekunlaşdırılması məqsədilə bir gün əvvəl TDT-nin Media və İnformasiya üzrə İşçi Qrupunun 12-ci iclası keçirilib.
7-ci toplantı Bakı Kommunikesinin qəbul edilməsi ilə yekunlaşıb. Kommunike 2026-cı il üçün TDT Fəaliyyət Planını əhatə edir və üzv dövlətlər arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün strateji hədəflər və fəaliyyət istiqamətlərini müəyyənləşdirir. Görüş zamanı həmçinin Media və İnformasiya üzrə Nazirlərinin və yüksək vəzifəli rəsmilərin 8-ci toplantısının 2026-cı ildə Qazaxıstanda keçirilməsi qərara alınıb.
Görüş çərçivəsində təşkil edilmiş Media Forumu qlobal informasiya təhdidləri və rəqəmsal media əməkdaşlığı mövzularında panel müzakirələri ilə seçilib və sürətlə dəyişən media mühitində qabaqcıl təcrübələrin və innovativ yanaşmaların paylaşılması üçün platforma yaradıb.












