Türk Dövlətləri Təşkilatı enerji Nazirlərinin 5-ci iclası İstanbulda keçiriıib 

Türk Dövlətləri Təşkilatı enerji Nazirlərinin 5-ci iclası İstanbulda keçiriıib 

Türk Dövlətləri Təşkilatı (TDT) Enerji Nazirlərinin 5-ci iclası 10 dekabr 2025-ci il tarixində İstanbulda keçirilib.

Toplantıya TDT-yə üzv və müşahidəçi dövlətlərin enerji sahəsinə cavabdeh nazirləri və yüksək səviyyəli rəsmiləri, həmçinin TDT-nin baş katibi Kubanıçbek Ömüraliyev qatılıb.

Nazirlər və Baş katib TDT-yə üzv və müşahidəçi dövlətlərin həm fosil yanacaq, həm də təmiz enerji üçün kritik təchizat potensialına malik olduğunu, eləcə də Asiya ilə Avropa arasında strateji baxımdan həyati bir körpü təşkil etdiklərini vurğulayaraq, artan enerji tələbi, dəyişən enerji bazarları və sürətlənən qlobal keçid fonunda TDT ölkələri arasında konkret əməkdaşlığın artıq seçim deyil, həyati zərurət olduğunu qeyd ediblər.

Enerji təhlükəsizliyi və strateji inteqrasiyanın vacibliyinə diqqət çəkən nazirlər boru xətləri, enerji ötürücü şəbəkələr, anbarlama və nəqliyyat daxil olmaqla inteqrasiya olunmuş infrastruktur şəbəkələrinin stabil təchizatını təmin etmək, ticarəti asanlaşdırmaq, iqtisadi inkişafı dəstəkləmək və Türk coğrafiyasında geosiyasi dayanıqlığı gücləndirmək üçün əvəzolunmaz olduğunu bildiriblər.

Baş katib TDT daxilində həyata keçirilən və inkişaf etməkdə olan təşəbbüsləri xüsusi qeyd edib:

neft və qaz sahəsində dövlətlərarası əməkdaşlıq üçün mövcud və inkişaf etməkdə olan çərçivələr (Bakı–Tiflis–Ceyhan Boru Kəməri, Bakı–Tiflis–Ərzurum Boru Kəməri, Cənubi Qafqaz Təbii Qaz Boru Kəməri, Trans-Anadolu Boru Kəməri, Trans-Adriatik Boru Kəməri, İğdır–Naxçıvan Təbii Qaz Boru Kəməri); Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Yaşıl Enerjinin İnkişafı və Ötürülməsi sahəsində Strateji Əməkdaşlıq; Orta Asiya–Azərbaycan Yaşıl Enerji Koridorunun Avropaya ixraca yönəldilməsi məqsədilə Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan Yaşıl Enerji Koridoru; Kambarata-1 Hidroelektrik Stansiyası;

və yenilənə bilən enerji ixracı üçün Qara Dəniz Dənizaltı Kabeli. Bu təşəbbüslərin yalnız TDT ölkələrinin iqtisadiyyatını gücləndirmədiyi, həm də digər regionların enerji təhlükəsizliyinə töhfə verdiyi vurğulanıb. Nazirlər TDT çərçivəsində inkişaf etdirilən təşəbbüslərin həyata keçirilməsinə dair razılığa gəliblər: 2023–2027-ci illər üçün TDT Enerji Əməkdaşlığı Proqramı və Fəaliyyət Planının tətbiqi; nazir müavinləri səviyyəsində Enerji Koordinasiya Şurasından istifadənin təmin edilməsi;

müəyyən sahələr üzrə alt işçi qruplardan yararlanılması;

TDT çərçivəsində Regional Texnologiyalar və Yaşıl Təşəbbüslər Mərkəzinin yaradılması; enerji mütəxəssisləri üçün təlim və peşəkar inkişaf proqramlarının təşkili.

Tərəflər TDT Enerji nazirlərinin 6-cı iclasının 2026-cı ildə Özbəkistanda keçirilməsi barədə razılıq əldə ediblər.