TDT və ICSS (Beynəlxalq İdman Təhlükəsizliyi Mərkəzi), idmanın qorunması üçün daha güclü beynəlxalq siyasətlər, strateji islahatlar və həllər inkişaf etdirməyə çalışan qeyri-kommersiya təşkilatı, 2015-ci ilin avqustunda İstanbulda Anlaşma Memorandumu (AM) imzalamışdır.
ICSS və onun gənclərlə bağlı qolu olan "Save the Dream" İkinci Dünya Köçəri Oyunlarında iştirak etmiş və Oyunların təbliğat filmini hazırlamışdır. Böyük idman platformalarında, sosial mediada və televiziya kanallarında yayımlanan bu film, eləcə də nüfuzlu jurnallarda dərc olunan məqalələr mədəniyyət və ənənələrimizin dünyaya tanıdılmasında mühüm rol oynamışdır. Eynilə, TDT və ICSS 2016-cı ilin oktyabrında İstanbulda TDT və UNAOC tərəfindən birgə təşkil olunan “Gənclərin Şiddətli Ekstremizmin Qarşısının Alınması və Mübarizəsində Rolu” adlı beynəlxalq konfransda “İdmanın Şiddətli Ekstremizmin Qarşısını Alma Vasitəsi Kimi” mövzusunda panel təşkil etmişdir.
Bundan əlavə, TDT 2016-cı ilin aprelində idmanın saflığını və bütövlüyünü müdafiə etmək məqsədilə qlobal təşəbbüs olan İdman Bütövlüyü Qlobal Alyansının (SIGA) qurucu üzvü olmuşdur. Türk Şurasının Baş Katibi 2018-ci ildə keçirilən 8-ci SIGA Baş Assambleyasında SIGA Şurasının Sədr Müavini seçilmişdir. SIGA Şurasının Sədri İtaliyanın Xarici İşlər Naziri və Avropa Komissiyasının Vitse-Prezidenti vəzifələrində çalışmış beynəlxalq səviyyədə tanınmış siyasətçi Franco Frattini-dir.
Baş Katib iki təşkilat arasında gələcək əməkdaşlıq istiqamətlərini müzakirə etmək üçün Dohada yerləşən ICSS qərargahına iki rəsmi səfər etmiş, həmçinin Qətərin Baş Naziri, Mədəniyyət və İdman Naziri, Ticarət və Sənaye Palatasının Sədr Müavini kimi nüfuzlu Qətər rəsmiləri ilə görüşmüşdür.