Türk Dövlətləri Təşkilatı (TDT), əvvəlcə Türk Dilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) adı ilə 2009-cu ildə hökumətlərarası təşkilat olaraq təsis edilmişdir. Təşkilatın əsas məqsədi Türk dövlətləri arasında hərtərəfli əməkdaşlığı təşviq etməkdir. Təsisçi üzv dövlətlər - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə - olmuş, daha sonra 2019-cu ilin oktyabrında Bakıda keçirilən 7-ci Zirvə toplantısında Özbəkistan tamhüquqlu üzv kimi qoşulmuşdur. Macarıstan 2018-ci ilin sentyabrında Qırğız Respublikasının Çolpon-Ata şəhərində keçirilmiş 6-cı Zirvə görüşündə müşahidəçi statusu qazanmışdır. 2021-ci ilin noyabrında keçirilən 8-ci Zirvə toplantısında Türkmənistan, 2022-ci ilin noyabrında Şimali Kipr Türk Cümhuriyyəti və 2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Təşkilata Müşahidəçi Üzv kimi qoşulmuşdur.
Təşkilat Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinin məqsəd və prinsiplərinə, eləcə də beynəlxalq hüququn suveren bərabərlik, ərazi bütövlüyü, beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı və beynəlxalq sülh və təhlükəsizliyin qorunması, mehriban qonşuluq və dostluq münasibətlərinin inkişafı kimi ümumbəşəri tanınmış prinsiplərinə sadiqdir.
Təşkilat sülh və sabitliyin gücləndirilməsinə, geniş miqyaslı əməkdaşlığın təşviqinə və üzv dövlətlər arasında ortaq inkişaf potensialının açılmasına sadiqdir. Xüsusi bir dövlətlər qrupunu bir araya gətirsə də, Təşkilat istisnaedici yanaşma sərgiləmir. Əksinə, Türk dilli ölkələr arasında daha dərin münasibətləri və həmrəyliyi təşviq etməklə Avrasiya qitəsində, xüsusilə Mərkəzi Asiya və Qafqazda beynəlxalq əməkdaşlığın inkişafı üçün yeni regional mexanizm kimi çıxış etməyi hədəfləyir.
Ortaq tarix, ortaq dil, ortaq kimlik və ortaq mədəniyyət olmaqla dörd əsas sütun üzərində qurulan TDT, öz fəaliyyətini bu ortaq dəyərlərlə məhdudlaşdırmır. Əksinə, üzv dövlətlər arasında iqtisadiyyat, elm, təhsil, nəqliyyat, gömrük, turizm və digər müxtəlif sahələrdə mövcud ikitərəfli əməkdaşlıq sahələrini çoxtərəfli əməkdaşlığa çevirməyi qarşısına məqsəd qoyur.
Eyni zamanda, Təşkilat fəaliyyətini yalnız üzv dövlətlərlə məhdudlaşdırmır, əksinə, bölgədə xüsusilə nəqliyyat, gömrük və turizm sahələrində sülh və sabitliyin təmin edilməsi üçün qonşu dövlətlərlə də könüllü əməkdaşlıq edir.
Təşkilatın əsas orqanları Dövlət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, Ağsaqqallar Şurası, Baş Rəsmilər Komitəsi və Katiblikdən ibarətdir. Təşkilatın fəaliyyəti eyni zamanda əlaqəli və bağlı qurumları - Türk Dilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası, Türk Universitetlər Birliyi və Türk Ticarət və Sənaye Palatası tərəfindən dəstəklənir.
2011-ci ildən etibarən, Təşkilat hər il müəyyən mövzu əsasında Zirvə görüşlərini təşkil edir. Bu zirvələrdə üzv dövlətlərin dövlət başçıları keçən dövrü dəyərləndirir və növbəti illər üçün hədəflər müəyyənləşdirirlər.