4. Nəqliyyat Əməkdaşlığı
4. Nəqliyyat Əməkdaşlığı

Məqsədlər

Üzv Dövlətlərimiz arasında nəqliyyat əməkdaşlığının inkişafı hər zaman Türk Dövlətləri Təşkilatının əsas prioritetlərindən biri olmuşdur, çünki Dövlət Başçıları Zirvələrdə bu məsələnin əhəmiyyətini daim vurğulamış və mövcud çətinliklərin aradan qaldırılması yolu ilə nəqliyyat əməkdaşlığının təkmilləşdirilməsi üçün göstərişlər vermişlər.

Biz Türk regionunda, xüsusilə Trans-Xəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi (Orta Dəhliz) boyunca nəqliyyat əlaqələrinin gücləndirilməsinə sadiqik. Bu təşəbbüs effektiv və fasiləsiz nəqliyyatı təmin etmək üçün maneələri aradan qaldırmaq və müxtəlif nəqliyyat növləri üzrə – avtomobil, dəmir yolu və dəniz – əməliyyatları asanlaşdıracaq yeni çərçivələr yaratmağa yönəlmişdir.

Mexanizmlər

Türk Dövlətləri Təşkilatı “Türk Dünyası 2040 Baxışı” və “TDT-nin 2022-2026 Strategiyası” adlı əsas strateji sənədlərə uyğun olaraq, müntəzəm Nazirlik Görüşləri, Nəqliyyat üzrə Koordinasiya Komitəsi, Nəqliyyatın İnkişafı üzrə İşçi Qrupu və Rəqəmsallaşma üzrə Alt-İşçi Qrupu kimi müxtəlif mexanizmlər vasitəsilə nəqliyyat sahəsində əməkdaşlığı təşviq edir.

Bacı Limanlar

2013-cü ildə “Bacı Limanlar üzrə Əməkdaşlıq və Əlaqələr haqqında Anlaşma Memorandumu”nun imzalanması ilə başlayan Bacı Limanlar Prosesi TDT Üzv Dövlətləri arasında dəniz və quru limanları arasında əməkdaşlığı gücləndirməyi hədəfləyir. Əvvəlcə Bakı (Azərbaycan), Samsun (Türkiyə) və Aktau (Qazaxıstan) limanlarını əhatə edən təşəbbüs 2019-cu ildə Qazaxıstanın Kuryk limanını, 2021-ci ildə isə Türkiyənin Mersin limanı və Özbəkistanın quru limanları – Universal Logistics Services, Akhtachi və Termez Cargo Center limanlarını əhatə etməklə genişləndi. Bu təşəbbüs texniki bilik mübadiləsini, təcrübə paylaşımını və regionda limanlararası əməkdaşlığı inkişaf etdirmək məqsədilə birgə layihələrin hazırlanmasını təşviq edir.

Dəmir Yolu İdarələri Rəhbərlərinin Görüşləri

TDT 2022-ci ildən etibarən Üzv Dövlətlərin dəmir yolu sektorları arasında əməkdaşlığı gücləndirmək məqsədilə Dəmir Yolu İdarələri Rəhbərlərinin Görüşlərini təşkil edir. Bu görüşlər beynəlxalq səviyyədə alternativ və sərfəli dəmir yolu dəhlizlərinin inkişaf etdirilməsi imkanlarının araşdırılmasına və regionda yükdaşımanın artırılmasına yönəlmiş strategiyaların hazırlanmasına diqqət yetirir. Bu görüşlər çərçivəsində qəbul edilmiş qərarların nəticəsi olaraq, 2022-ci ilin dekabrında ilk Türkiyə-Özbəkistan yük qatarı 40 vaqonluq yüklə yola salınmışdır.

“Türk Dövlətlərinin Dəmir Yolu Əlaqələri: Fərqanə Vadisi – Anadolu” Forumu (2023, Fərqanə) və “Beynəlxalq Multimodal Nəqliyyat Forumu” (2023, İstanbul) kimi beynəlxalq tədbirlər ictimai və özəl sektorun əsas nümayəndələrini, aparıcı nəqliyyat və logistika şirkətlərini, iş adamlarını və regionun maraqlı tərəflərini bir araya gətirmişdir. Bu forumlar dərin müzakirələr, bilik mübadiləsi və əməkdaşlıq üçün dəyərli imkanlar yaratmış, TDT çərçivəsində multimodal nəqliyyat marşrutlarının inkişafına xidmət etmişdir.

Logistika Mərkəzləri və Yükdaşıyıcılar Alyansı

2024-cü ildə TDT-nin himayəsi altında yaradılan Logistika Mərkəzləri və Yükdaşıyıcılar Alyansı türk ölkələri arasında logistika mərkəzlərini, daşıyıcıları, terminalları və limanları birləşdirməyi məqsəd qoyur. Məqsədlər arasında nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, əməkdaşlığın gücləndirilməsi və innovativ, səmərəli yükdaşıma həlləri üçün dövlət-özəl tərəfdaşlıqların təşviqi yer alır.

Milli Nəqliyyat Assosiasiyaları Rəhbərlərinin Görüşləri

2024-cü ilin mart ayında TDT Milli Nəqliyyat Assosiasiyaları Rəhbərlərinin ilk görüşünü təşkil etmişdir. Əsas nəticələrdən biri TDT Yol Nəqliyyatı Assosiasiyaları İttifaqının (OTS-URTA) yaradılması qərarı olmuşdur. Bu İttifaq özəl sektoru təmsil etməyi, əməkdaşlığı gücləndirməyi və “Türk Dünyası 2040 Baxışı”na uyğun şəkildə nəqliyyat imkanlarını artırmağı hədəfləyir. İttifaqın açılış mərasimi 2024-cü ilin noyabrında İstanbulda keçirilmişdir.

Çərçivə

TDT çərçivəsində nəqliyyat əməkdaşlığının hüquqi əsası bir neçə əsas sənədə əsaslanır:

  • Türk Dövlətləri Təşkilatının Üzv Dövlətlərinin hökumətləri arasında «Beynəlxalq Birləşmiş Yükdaşıma haqqında Saziş», 11 noyabr 2022-ci il tarixində Səmərqənddə imzalanmışdır;
  • Türk Dövlətləri Təşkilatının «Nəqliyyat Əlaqələrinin İnkişafı Proqramı», 11 noyabr 2022-ci il tarixində Səmərqənddə imzalanmışdır;
  • Türk Dövlətləri Təşkilatının «Nəqliyyat Əlaqələrinin İnkişafı Proqramının 2023-2027-ci illər üzrə İcra Planı («Yol Xəritəsi»)», 3 noyabr 2023-cü il tarixində Astanada qəbul edilmişdir;
  • Türk Dövlətləri Təşkilatının Üzv Dövlətləri arasında «Beynəlxalq Avtomobil Daşımaları Əməliyyatlarında Elektron İcazənin (e-Permit) İstifadəsi və Əməkdaşlıq haqqında Anlaşma Memorandumu», 6 iyul 2024-cü il tarixində Şuşada imzalanmışdır.

Layihələr

TDT nəqliyyat sahəsində maneələrin aradan qaldırılması və effektiv, sabit və fasiləsiz əməliyyatların təmin edilməsi məqsədilə bir sıra praktiki layihələr həyata keçirir.

E-Permit

TDT Üzv və Müşahidəçi Dövlətləri arasında beynəlxalq avtomobil daşımalarında Elektron İcazə (e-Permit) layihəsinin həyata keçirilməsini təşviq edir. Bu layihənin məqsədi daşımaların rəqəmsallaşdırılması yolu ilə nəqliyyat əməliyyatlarını asanlaşdırmaq, fiziki icazələrlə bağlı xərcləri azaltmaq və icazələrin itirilməsi və ya sui-istifadə hallarının qarşısını almaqdır.

Türkiyə və Özbəkistan e-Permit layihəsinə rəhbərlik edərək, 28 oktyabr 2022-ci il tarixində Daşkənddə keçirilmiş TDT Nəqliyyat nazirlərinin 6-cı Görüşündə bu sistemi qlobal miqyasda ilk dəfə tətbiq edən ölkələr olmuşdur. Hazırda bu təşəbbüsün digər TDT ölkələrinə genişləndirilməsi istiqamətində işlər aparılır.

2024-cü il 6 iyul tarixində Şuşada keçirilmiş Zirvə Görüşü zamanı TDT Nəqliyyat nazirləri beynəlxalq avtomobil daşımalarında e-Permit-lərin tətbiqi və əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzaladılar. Memorandumda «e-Permit-lərin Tətbiqi Prinsipləri» təsbit olunmuş, icazə məlumatlarının elektron formata keçirilməsi, fiziki icazələrin strukturunun qorunması və standartlaşdırılmış proqram təminatı ilə vahid sistem vasitəsilə məlumat mübadiləsinin aparılması mexanizmi müəyyən edilmişdir.

E-CMR

TDT Türk regionunda «eCMR»in tətbiqini irəli aparır. 2023-cü ilin fevral ayında TDT Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU) və BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE) ilə birlikdə BMT-nin CMR Konvensiyası və onun e-CMR Protokolu mövzusunda virtual seminar təşkil etmişdir.

2024-cü il 25 aprel tarixində Budapeştdə keçirilmiş TDT Nəqliyyat üzrə Koordinasiya Komitəsinin ikinci iclasında Üzv Dövlətlər eCMR layihəsini dəstəkləmiş və xüsusi Alt-İşçi Qrupunun yaradılması barədə qərar qəbul etmişlər. Bu qrup nəqliyyat nazirlikləri, gömrük idarələri və milli nəqliyyat assosiasiyalarının ekspertlərindən ibarət olacaq və Türk regionunda eCMR-in hüquqi qiymətləndirilməsi və praktiki tətbiqi məsələlərinə diqqət yetirəcəkdir.


Ən son yenilənmə: 17:57:27