14. Kənd təsərrüfatı sahəsində əməkdaşlıq
14. Kənd təsərrüfatı sahəsində əməkdaşlıq

Məqsədlər

Kənd təsərrüfatı sahəsində əməkdaşlıq, qida təhlükəsizliyi və bəslənmənin yaxşılaşdırılmasına xidmət edən, müasir və innovativ davamlı kənd təsərrüfatı təcrübələrini təşviq edən, sosial-iqtisadi inkişafa töhfə verən və Türk Dövlətləri Təşkilatı (TDT) üzv dövlətləri arasında kənd təsərrüfatı məhsullarının ticarətini asanlaşdıran TDT-nin mühüm fəaliyyət sahələrindən biridir.

Mexanizmlər

Təşkilatın yaradılmasından bu günə qədər TDT çətiri altında ümumilikdə 4 Nazirlər Toplantısı, 5 İşçi Qrupu Toplantısı və 4 Türk Kənd Təsərrüfatı Biznes Forumu keçirilmişdir. Kənd təsərrüfatı sahəsində əməkdaşlıq “Türk Dünyası 2040 Vizyonu” və “TDT 2022-2026 Strategiyası” kimi əsas strateji sənədlər çərçivəsində həyata keçirilir.

Kənd Təsərrüfatı Sahəsində Əməkdaşlıq üzrə İşçi Qrupu və Alt İşçi Qruplar
TDT Kənd Təsərrüfatı Sahəsində Əməkdaşlıq üzrə İşçi Qrupu çərçivəsində yaradılan beş alt işçi qrup bu sahədə əməkdaşlığı gücləndirmək məqsədilə yaradılmışdır. Üzv dövlətlər hər bir alt qrup üzrə əlaqələndirici ölkəni / ölkələri müəyyən etmişdir. Bu qruplar Fəaliyyət Planı çərçivəsində fəaliyyətləri həyata keçirmək, zəruri mexanizmləri qurmaq və keçirilmiş iclasların nəticələrini TDT Katibliyinə təqdim etmək öhdəliyinə malikdir:

  • Tədqiqat və İnkişaf üzrə Alt Qrupu – Türkiyə
  • Kənd Təsərrüfatı İqtisadi Məsələlər üzrə Alt Qrupu – Azərbaycan
  • Yeni Kənd Təsərrüfatı Texnologiyaları və Texnikaları üzrə Alt Qrupu – Özbəkistan və Azərbaycan
  • Toxumlar və Tinglər Əməkdaşlığı üzrə Alt Qrupu – Qazaxıstan və Qırğızıstan
  • Heyvandarlıq, Balıqçılıq və Su Təsərrüfatı üzrə Alt Qrupu – Qırğızıstan və Qazaxıstan

Çərçivə

TDT çətiri altında kənd təsərrüfatı sahəsində əməkdaşlığın hüquqi əsası aşağıdakı sənədlər üzərində qurulmuşdur:

  • Kənd Təsərrüfatı Nazirlərinin I Toplantısının Yekun Bəyannaməsi (Daşkənd, 4 iyul 2022-ci il)
  • Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısının Yekun  Bəyannaməsi (Bakı, 26 sentyabr 2023-cü il)
  • TDT Quraqlıqla Mübarizə İnstitutunun Yaradılmasına dair Memorandum (Səmərqənd, 11 noyabr 2022)
  • Kənd Təsərrüfatı Nazirlərinin III Toplantısının Yekun  Bəyannaməsi (Taraz, 20 mart 2022-ci il)
  • TDT Rəqəmsal Kənd Təsərrüfatı Məlumat Platformasının Yaradılmasına dair Bəyannamə (Quba, 16 iyul 2024-cü il)
  • Kənd Təsərrüfatı Sektorunda “OTS-MADE” (TDT) İstehsalına dair Bəyannamə (Quba, 16 iyul 2024-cü il)
  • Kənd Təsərrüfatı Nazirlərinin IV Toplantısının Yekun Bəyannaməsi (Çolpon-Ata, 25 iyun 2025-ci il)
  • TDT Kənd Təsərrüfatı Əməkdaşlığı üzrə Strateji Yol Xəritəsi (Çolpon-Ata, 25 iyun 2025-ci il)

Bu iclaslar və sənədlər kənd təsərrüfatı sahəsində əməkdaşlığın institusional əsasını formalaşdırır, prioritetləri müəyyən edir və TDT çətiri altında xüsusi təşəbbüslərin həyata keçirilməsini təmin edir.

 

Layihələr

• Türk Kənd Təsərrüfatı Biznes Forumu
Türk Kənd Təsərrüfatı Biznes Forumları Türk regionunda kənd təsərrüfatı sahəsində əməkdaşlığın əsas məsələlərini müzakirə etmək üçün ortaq platforma yaratmaq, işgüzar dairələrin ticarət əməkdaşlığını genişləndirməsini təşviq etmək, ortaq layihələr və investisiyalar inkişaf etdirmək, kənd təsərrüfatında qabaqcıl texnologiyaların tətbiqini təmin etmək və dünya üzrə ən yaxşı təcrübələri paylaşmaq məqsədilə təşkil edilmişdir. Forum, Kənd Təsərrüfatı Nazirləri iclasları ilə paralel olaraq keçirilərək siyasət ilə tətbiq arasında yaxın əlaqə yaratmağa imkan verir.

1-ci Forum – Daşkənt, Özbəkistan (4 iyul 2022)

2-ci Forum – Bakı, Azərbaycan (25–26 sentyabr 2023)

3-cü Forum – Taraz, Qazaxıstan (20 mart 2024)

4-cü Forum – Çolpon-Ata, Qırğızıstan (26 iyun 2025)

Forum hökumətlər, sahibkarlar və sərmayədarlar arasında qarşılıqlı əlaqənin təmin olunduğu müntəzəm müzakirə platformasına çevrilmişdir.

Rəqəmsal Kənd Təsərrüfatı Məlumat Platforması
Bu təşəbbüs TDT-yə üzv dövlətlərin kənd təsərrüfatı sahəsindəki statistik məlumatlarını, müşahidələrini, qeydlərini və ən yaxşı təcrübələrini vahid rəqəmsal platformada cəmləməyi hədəfləyir. Nəticədə, inkişaf etmiş texnologiyalar və ən yaxşı təcrübələr barədə məlumat mübadiləsi sayəsində üzv dövlətlər arasında çevik və nəticəyönümlü əməkdaşlıq və tərəfdaşlıq imkanları asanlaşacaq. On altı iyul 2024-cü il tarixində TDT-nin kənd təsərrüfatı paytaxtı elan edilmiş Qubada keçirilmiş iclasın nəticəsi olaraq, bu platformanın yaradılmasına dair Bəyannamə qəbul edilmişdir.

• “OTS Made” (TDT İstehsal) Markası
Bu təşəbbüs TDT-yə üzv dövlətlər arasında kənd təsərrüfatı istehsalı, qablaşdırma və məhsul növlərinin təbliğini əsas məqsəd kimi həyata keçirəcək “OTS Made” (TDT İstehsal) markasının təşkil olunmasını hədəfləyir. Layihə Azərbaycan tərəfindən irəli qoyulmuş və 26 sentyabr 2023-cü il tarixində Bakı şəhərində keçirilmiş Kənd Təsərrüfatı Nazirləri 2-ci İclasında müzakirəyə çıxarılmışdır. Təşəbbüs üzv dövlətlərin kənd təsərrüfatı məhsulları üçün etibarlı və vahid marka kimliyinin formalaşdırılmasını təmin etməyi nəzərdə tutur. 18 iyul 2024-cü il tarixində Qubada keçirilmiş iclasın nəticəsi olaraq, bu markanın formalaşdırılmasına dair Bəyannamə imzalanmışdır.

• Regional Qida Ehtiyatları Sistemi
Özbəkistan tərəfindən təşəbbüs edilən bu layihə, Türk dünyasında qida təhlükəsizliyini təmin etmək məqsədilə hazırlanmışdır. Regional Qida Ehtiyatları Sistemi vasitəsilə aclıq, qeyri-kafi bəslənmə və qida çatışmazlığı kimi problemlərin ortaq səylərlə həlli, yerli istehsalın artırılması və fövqəladə hallar zamanı kifayət qədər qida təminatının təmin edilməsi nəzərdə tutulur. Bu çərçivədə çoxşaxəli Qida Təhlükəsizliyi Müqaviləsi layihəsi üzv dövlətlərin qiymətləndirməsinə təqdim edilmişdir.

• Türk Dövlətlərinin ortaq Kənd Təsərrüfatı Sığorta Sistemi 
Bu layihə çərçivəsində, Türkiyənin Kənd Təsərrüfatı Sığortaları Havuzu (TARSİM) təcrübələrinə əsaslanaraq, TDT üzv dövlətləri arasında ortaq kənd təsərrüfatı sığorta sistemi yaradılması məqsədi qoyulur. Bu istiqamətdə, Türkiyə tərəfindən hazırlanmış “Ortaq Kənd Təsərrüfatı Sığorta Sistemi Yaradılmasına dair Konseptual Sənəd” layihəsi üzv dövlətlərin nəzərdən keçirilməsinə təqdim edilmişdir.

Əlavə Layihələr

İndiyədək TDT-nin Kənd Təsərrüfatı Nazirləri dörd dəfə görüşlər həyata keçirmişdir. Buna görə də bir çox layihələr hələ ilkin mərhələdədir. Əsas diqqət çəkən əlavə layihələrdən bəziləri bunlardır:

1 TDT çərçivəsində institusional toxum əməkdaşlığının yaradılması / TDT Toxum Birliyinin təsis edilməsi

   Bu layihə bitki sortlarının və toxumların sərbəst dövriyyəsini təmin edəcək, fermerlərin toxum əldə etməsini asanlaşdıracaq və toxum istehsalında təhlükəsizliklə yanaşı təminatı da möhkəmləndirəcəkdir.

 2 Halal Sertifikatlaşdırma sahəsində İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC) ilə əməkdaşlıq
       Bu layihə halal məhsulların etibarlılığını artıracaq, Türk Dövlətləri üçün yeni bazarların açılmasına imkan verəcək və qlobal halal məhsul tələbindən bəhrələnmələrini təmin edəcəkdir.

 3 Ortaq mobil tətbiqlərin hazırlanması: “e-Agro”, Erkən xəbərdarlıq və Coğrafi İnformasiya Sistemləri (CİS), Elektron kənd təsərrüfatı
      Bu layihə yeni kənd təsərrüfatı texnologiyalarının və rəqəmsal kənd təsərrüfatı üsullarının paylaşılmasını, qida dəyər zəncirinin səmərəliliyinin və hər kəs üçün əlçatanlığının artırılmasını hədəfləyir.


Ən son yenilənmə: 18:28:29