TDT-nin Baş katibi DOST (Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi) Mərkəzlərini ziyarət edib

TDT-nin Baş katibi DOST (Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi) Mərkəzlərini ziyarət edib

Türk Dövlətləri Təşkilatının (TDT) Əmək, Məşğulluq və Sosial Müdafiə Nazirlərinin 1-ci Toplantısı çərçivəsində TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyev, üzv və müşahidəçi dövlətlərin əmək, məşğulluq və sosial müdafiə üzrə məsul heyət rəhbərləri ilə birlikdə 5 dekabr 2025-ci il tarixində 1 saylı Bakı DOST Mərkəzi və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib.
1 saylı DOST Mərkəzində keçirilən ziyarət zamanı heyətlərə mərkəzlərin fəaliyyəti, təqdim olunan xidmətlər və innovativ fəaliyyət modeli barədə məlumat verilib. Bu model Azərbaycan Respublikasının sosial xidmətlərin göstərilməsində müasir və vətəndaşyönümlü yanaşmasını əks etdirir. 
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində isə heyətlərə əlilliyi olan gənclərin nümayiş etdirdiyi çıxışları və yaradıcılıq işlərini izləmək imkanı yaradılıb.
1 saylı Bakı DOST Mərkəzi - məşğulluq dəstəyi, sosial müdafiə xidmətləri, əlilliyin qiymətləndirilməsi, pensiya təminatı, sosial sığorta xidmətləri, konsultasiya və dəstək mexanizmləri də daxil olmaqla 160-dan çox sosial xidmət növünü vahid pəncərə prinsipi ilə təqdim edən bir “tək dayanacaq” modelidir.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi -  inklüziv təhsil, peşə hazırlığı, yaradıcılıq emalatxanaları, reabilitasiya proqramları və sosial həyata inteqrasiya imkanları təqdim etməklə əlilliyi olan şəxslərin səlahiyyətləndirilməsinə yönəlmişdir.
Baş katib DOST sistemi çərçivəsində icra olunan genişmiqyaslı fəaliyyətləri yüksək qiymətləndirərək, bu modelin Türk Dövlətləri məkanında sosial xidmətlərin göstərilməsi və inklüziv inkişafın gücləndirilməsi baxımından mühüm nümunə olduğunu vurğulayıb.