TDT-yə üzv dövlətlərin Diaspor Məsələlərinə məsul Dövlət Qurumlarının Rəhbərlərinin 7-ci görüşü Macarıstanda keçirilib

TDT-yə üzv dövlətlərin Diaspor Məsələlərinə məsul Dövlət Qurumlarının Rəhbərlərinin 7-ci görüşü Macarıstanda keçirilib

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Diaspor Məsələlərinə məsul Dövlət Qurumlarının Rəhbərlərinin 7-ci görüşü 2 dekabr 2025-ci il tarixində Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilib. Bu görüş Macarıstanda keçirilən ilk yüksək səviyyəli diaspora toplantısı olması baxımından xüsusi əhəmiyyət  kəsb edir.

Macarıstan Hökumətinin ev sahibliyi ilə keçirilən toplantı,  TDT-yə üzv dövlətlərlə yanaşı, ev sahibi Macarıstanı da bir araya gətirərək, Macarıstanın TDT çərçivəsindəki fəal rolunu və artan iştirakını bir daha təsdiqləyib. Heyətlər Macarıstanın səmimi qonaqpərvərliyinə və tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını ifadə ediblər. Toplantıya TDT-nin Baş katibi cənab Kubanıçbek Ömüralıyev və Macarıstanın Xaricdəki Macar İcmaları üzrə Dövlət Katibi cənab Lörinc Naça həmsədrlik ediblər.

Çıxışında Baş katib, Macarıstanın TDT-nin əməkdaşlıq sahələrinin demək olar ki, hamısında fəal iştirak etdiyini qeyd edərək, ölkənin ardıcıl və dəyərli töhfələri sayəsində artıq “sadəcə müşahidəçi bir dövlət deyil”, Təşkilat üçün daha geniş mənada tərəfdaş bir dövlət olduğunu vurğulayıb. Toplantıda dünya üzrə Türk diasporalarının mövcud vəziyyəti ilə bağlı əsas məsələlər müzakirə olunub. Görüşlər diaspora qurumları arasında əməkdaşlığın gücləndirilməsinə, xaricdə yaşayan Türk icmaları arasında koordinasiyanın dərinləşdirilməsinə, eləcə də birgə təşəbbüslər vasitəsilə TDT diasporasının qlobal səviyyədə görünürlüğünün və qarşılıqlı əlaqələrinin artırılmasına yönəlib.

İştirakçılar əvvəlki toplantıdan bu yana əldə olunan irəliləyişləri nəzərdən keçirib və diaspora məsələlərinin Dövlət Başçıları tərəfindən vurğulandığı  Budapeşt və Qəbələ Zirvələrinin yaratdığı müsbət dinamikanı yüksək qiymətləndiriblər. Heyətlər təqaüd və təcrübə proqramları, gənclər üçün mübadilə platformaları, eləcə də xaricdəki Türk icmalarının mədəni, sosial və təhsil sahələrində əlaqələrinin dəstəklənməsinə yönəlmiş mexanizmlər daxil olmaqla, davam edən layihələri müzakirə ediblər. Toplantının sonunda tərəflər 2026-cı il üçün TDT Ortaq Diaspora Fəaliyyət Planını qəbul ediblər.

Toplantı, birgə proqramların irəlilədirilməsi və TDT-nin diaspora qurumları arasında əməkdaşlığın daha da gücləndirilməsi öhdəliyinin yenidən təsdiqlənməsi ilə yekunlaşıb. Üzv dövlətlər, Türk diasporasının qlobal miqyasda fəal, əlaqəli və güclü şəkildə təmsil olunmasını təmin etmək məqsədilə birgə fəaliyyətlərini davam etdirmək barədə razılığa gəliblər.