Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev, 28 noyabr 2025-ci il tarixində İstanbulda keçirilmiş “Qida İsrafının Azaldılması və Suyun Qorunması: Gələcəyimizi Təmin Etmək” mövzulu Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı üzrə Yüksək Səviyyəli Nazirlər Panelində iştirak edib.
Panel, Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi və Sıfır Atık Vakfı tərəfindən təşkil olunub və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı hörmətli Əminə Erdoğanın sədrliyi ilə keçirilib.
Açılış mərasimində Əminə Erdoğan qida və su israfının bəşəriyyət üçün kritik bir həyat məsələsinə çevrildiyini vurğulayaraq, qlobal aclıq ilə resurs istehlakı arasındakı uçurumun aradan qaldırılması üçün “Sıfır Tullantı” prinsiplərinin tətbiq edilməsinə çağırış edib.
TDT-nin Baş katibi Ömüraliyev Paneldə çıxışı zamanı Türk Dövlətləri Təşkilatının qida təhlükəsizliyi, ekoloji davamlılıq və sıfır tullantı təşəbbüslərinə verdiyi güclü dəstəyi qeyd edib. Baş katib israfın qarşısının alınmasının həm mənəvi məsuliyyət, həm də davamlı gələcəyin qurulmasında həyati əhəmiyyət daşıdığını bildirib. Su qıtlığı və qida israfı ilə mübarizədə regional və beynəlxalq səviyyədə uzlaşdırılmış səylərin vacibliyini vurğulayıb. O, həmçinin TDT-nin Üzv və Müşahidəçi Dövlətlərin qlobal hədəflərlə uyğun təsirli kənd təsərrüfatı və ətraf mühit strategiyalarını tətbiq etmələrinə dəstək vermək əzmində olduğunu bir daha təsdiqləyib.
Panel müxtəlif ölkələrdən nazirləri və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirərək əməkdaşlığın təşviqini, qabaqcıl təcrübələrin paylaşılmasını və sıfır tullantı siyasətlərinin beynəlxalq gündəmdə daha geniş yer almasını hədəfləyib. TDT-nin Paneldə fəal iştirakı, Türk Dövlətləri arasında və daha geniş coğrafiyada ekoloji əməkdaşlığın inkişafına sadiqliyinin əyani göstəricisi olub.










