Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzi tərəfindən digər üzv dövlətlərin töhfələri ilə Türk Şurasının Beşinci Zirvəsinə həsr olunmuş “Türk Şurasının Beşinci Zirvəsi: Avrasiyada Regional Əməkdaşlıqda Yüksələn Aktör” adlı xüsusi nəşr hazırlanmışdır.
Adı çəkilən nəşr Türk Şurası Baş Katibi, Səfir Ramil Həsənovun “Türk Şurası: Avrasiyada əməkdaşlığı gücləndirmək üçün möhkəm regional mexanizm” adlı məqaləsi ilə başlayır və Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov, Qazaxıstan Respublikasının Xarici İşlər Naziri Erlan İdrisov, Qırğız Respublikasının Xarici İşlər Naziri Erlan Abdıldayev və Türkiyə Respublikasının Xarici İşlər Naziri Feridun H. Sinirlioğlu’nun məqalələrini ehtiva edir. Bundan əlavə, Türk Şurasının bağlı qurumları olan TÜRKSOY Baş Katibi, professor Düsen Kaseinov, TÜRKPA Baş Katibi Candos Asanov, Türk Akademiyasının Prezidenti, professor Darxan Xıdırali və Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva’nın məqalələri ilə yanaşı, üzv dövlətlərin rəsmi xarici siyasət strateji araşdırma mərkəzlərinin direktorlarının məqalələri də xüsusi nəşrdə yer almışdır.
Bu münasibətlə, Türk Şurasının son beş ildə regional əməkdaşlığa verdiyi töhfələr və bu istiqamətdə gələcək layihələri müxtəlif aspektlərdən nəzərdən keçirilərək ictimaiyyətə təqdim edilmişdir. Şuranın regional sabitliyi, rifahı və inkişafı gücləndirmək üçün atdığı addımlar bu xüsusi nəşrdə geniş şəkildə araşdırılmışdır.
Adı çəkilən nəşr 11 sentyabr 2015-ci ildə Astanada keçirilən Türk Şurasının Beşinci Zirvəsi zamanı üzv dövlətlərin dövlət başçılarına təqdim edilmişdir.