Türk Dövlətləri Təşkilatının Fövqəladə Video Sammitində qəbul edilmiş Bakı Bəyannaməsində Tərəflər pandemiya nəticəsində sərhədi keçə bilməyən və Üzv Dövlətlərin ərazilərində qalan vətəndaşlara dəstək və yardım göstərilməsinin, o cümlədən sanksiyasız viza prosedurlarının asanlaşdırılmasının vacibliyini vurğulamışlar.
Bu göstərişə əsasən, Türk Dövlətləri Təşkilatının Katibliyi və Təşkilata sədrliyi həyata keçirən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti 2020-ci il 7 may tarixində Türk Dövlətləri Təşkilatının Üzv və Müşahidəçi Dövlətlərinin Miqrasiya Xidmətləri və əlaqədar qurumlarının rəhbərləri arasında pandemiyanın Tərəflərin bir-birinin ərazilərində qalan vətəndaşlarına mənfi təsirini müzakirə etmək və onların icazə, viza və digər miqrasiya ilə bağlı məsələlərini həll etmək üçün birinci Video-Konfrans formatında görüş təşkil etmişdir.
Miqrasiya Xidmətlərinin və əlaqədar qurumların rəhbərləri vətəndaşların viza və yaşayış/iş icazələrinin həlli ilə bağlı görülən tədbirlər, tətbiq olunan prosedurlar və statistik məlumatlar barədə məlumat mübadiləsi aparmış və bir-birinin ərazilərində təhsil, iş və digər məqsədlərlə müvəqqəti qalan vətəndaşlara dəstək və yardım göstərmək yollarını müzakirə etmişlər. Tərəflər bu müddət ərzində viza və yaşayış icazəsini pozmuş vətəndaşlara qarşı inzibati/cərimə tədbirləri görməmək barədə razılığa gəlmişlər. Onlar hava limanları və sərhəd keçid məntəqələrində gözləmə zonaları da daxil olmaqla, bir-birinin ərazilərindəki vətəndaşlara hərtərəfli yardım və miqrasiya üstünlükləri təqdim etməyin, həmçinin miqrasiya tələblərini müvəqqəti yumşaltmağın və miqrantlara təyinat ölkəsində adi müddətdən artıq qalmağa icazə verməyin vacibliyini vurğulamışlar. Tərəflər bir-birinin ərazilərində yaşayan vətəndaşların sayını nəzərə alaraq, vətəndaşların viza və miqrasiya məsələlərinin həlli, razılaşdırılmış qərarların icrasının təmin edilməsi və pandemiya dövründə və ondan sonra əməkdaşlığın genişləndirilməsi üçün zəruri tədbirləri vaxtında bildirmək və əlaqələndirmək məqsədilə Miqrasiya üzrə Əlaqələndirmə Qrupu yaratmağa razılaşmışlar.
Miqrasiya üzrə Əlaqələndirmə Qrupunun 1-ci iclası 2020-ci il 7 avqust tarixində video-konfrans formatında keçirilmişdir. Görüşdə Türk Dövlətləri Təşkilatının Üzv Dövlətlərinin Miqrasiya Xidmətlərinin müvafiq şöbələrinin rəhbərləri Özbəkistan və Qırğızıstandan gələn əmək miqrantlarının Təşkilatın Üzv Dövlətlərinin ərazilərində fəaliyyətlərinin leqallaşdırılması məsələlərini müzakirə etmişlər. Tərəflər əmək miqrasiyası ilə bağlı qanunvericilik tələbləri və pandemiya səbəbindən təyinat ölkələrini tərk edə bilməyənləri də daxil olmaqla, Üzv və Müşahidəçi Dövlətlərin ərazilərində yaşayan vətəndaşlar haqqında statistik məlumatlarla bölüşmüş və Türk Dövlətləri Təşkilatı çərçivəsində vahid məlumat bazasının yaradılmasına razılıq vermişlər.